Rosacea (Çəhrayı sızanaqlar)

Rosacea (çəhrayı sızanaqlar) - üz nahiyyəsində, xüsusilə yanaqlar, burun və  alında istilik hissiyatı ilə seyr edən qızartılı səpgilərlə müşahidə olunur. Əsasən 30-50 yaş arası qadın və kişilərdə, xüsusilə qadınlarda klimakterik dövrdə daha çox rast gəlinir. Əlamətlər tədricən meydana çıxdığına görə başlanğıcda günəş allergiyası kimi qəbul edilir. Amma tədricən qızartı daha davamlı xarakter almağa başlayır və üzərindən çəhrayı, irinli-iltihabi səpgilər yaranır. Bir müddət sonra səpgilər olan nahiyyədə genişlənmiş, kiçik qan damarları (telangiectasia) müşahidə olunur. Bunun nəticəsi olaraq qızartı daha tünd və daha davamlı xarakter alır. Rosacea - nın daha ağır formalarında, xüsusilə kişilərdə burun nahiyyəsində piy vəzilərinin genişlənməsi(hipertrofiyası), iltihabi və düyunlü səpgilərin yaranması nəticəsində burun dərisi daha qızartılı və kobud forma alır. Bu vəziyyət rinofima adlanır. Rinofima kişilərdə daha çox müşahidə olunur.

Məşhurlardan Şahzadə Çarlz, Şahzadə Diana, ABŞ - nın keçmiş prezidenti Bill Klinton, Mançester Yunayted futbol klubunun baş məşqçisi Aleks Fergyuson da bu xəstəlikdən əziyyət çəkiblər. 

Rosacea - nın səbəbləri hansılardır?
Rosacea - nın tam səbəbi bilinməsə də bir çox fikirlər mövcuddur:
. Ultrabənövşəyi şüalar (günəş şüaları)
. Genetik faktor
. Demodex follicularum -  Üz dərisində piy və tük follikullarının giriş hissəsində yaşayan  Demodex follicularum gənəsinin rolu olduğu düşünülsə də bu hələ də müzakirə mövzusu olaraq qalır. Bəzi tədqiqatlara əsasən rosacea-lı pasientlərin dərisində demodex parazitlərinin miqdarının çox olması və bununda iltihabın yaranmasında rolu olduğu düşünülür. Ancaq bu fikir hələdə tam təsdiqini tapmamışdır.
. Qida məhsulları (acı, turş, duzlu qidalar, kofe, çay, kofein tərkibli içkilər və s.)
. Dərman preparatları (hipertoniya üçün istifade olunan preparatlar, hormonal preparatlar)
. Kosmetik vasitələr
. Helicobacter pylori infeksiyası

Rosacea - nın müalicəsi:
Əgər üz nahiyyəsində qızartı müşahidə olunursa və rosacea-dan şübhələnirsinizsə mütləq dermatoloqa müraciət edin. Müalicə xəstəliyin ağırlıq dərəcəsinə görə dəyişir. 
Yüngül və orta ağır formalarda daxilə qəbul etmək üçün antibiotiklər, daha ağır formalarda isə isotretinoin (roaccutane) təyin olunur. Yerli olaraq antibiotik tərkibli kremlər (klindamisin, ertiromisin, azelaic acid, metronidazole və s.) istifadə olunur.
Rosacea vaxtında və düzgün müalicə olunduqda təxminən 3-6 ay ərzində dəri səthində yerləşən səgilərdə və şişkinlikdə azalma müşahidə olunur. Yalnız bundan sonra üz dərisindəki qızartı və genişlənmiş damarların (telangiectasia) müalicəsi üçün müxtəlif laserlərdən (Intense Pulse Light, NdYAG, Pulse dye laser və s.) istifadə olunur.

Ancaq burada müalicədən daha vacib profilaktik tədbirlərdir:
.Müalicə olunduqdan sonra uzun müddət xəstəliyi artıracaq faktorlardan qorunmaq lazımdır. Bunlardan ən vacibi günəş şüalarından qorunmaq üçün günəşqoruyucu kremlərdən istifadə etmək lazımdır. Bu zaman günəşqoruyucu kremi evdən çıxmadan 20-30 dəqiqə əvvəl dəriyə sürtülməlidir və günəşin aktiv olduğu vaxtlarda (yaz və yay aylarında) hər 2-3 saatdan bir təkrar dəriyə yeridilməlidir. Qoruma faktoru ən azı SPF 30 olan günəşqoruyucu kremlərdən istifadə etmək
. Qızartını artıran digər faktorlarla təmasi azaltmaq (qida maddələri, isti və soyuq temperaturanın təsiri, alkoqol, siqaret, stress və s.)
. Dərman preparatları (hipertoniya)
. Üz nahiyyasini qıcıqlandıran kosmetik vasitələrdən imtina etmək
. Üz nahiyyəsində qızartıya səbəb olacaq dərmanlardan imtina etmək
. Alkoqol və siqaretdən imtina etmək

Paylaşın