Acne vulgaris (Sızanaqlar)

Əsasən sızanaq kimi tanıdığımız Acne Vulgaris ən çox rast gəlinən dəri problemlərindən biridir. Sızanaqlar (Acne Vulgaris) dərimizdə yerləşən piy vəzilərinin xəstəliyidir. Adətən sızanaqlar dərinin piy vəziləri ilə zəngin olan yerlərində (üzdə, kürəkdə, sinədə) yaranırlar, ağ və qara nöqtələr, irinli, qırmızı iltihabi səpgilər şəklində təzahür edirlər.

Sızanaqlar (Acne Vulgaris) necə yaranır?
Dərimizdə yerləşən piy vəzilərinin əsas funksiyası ifraz olunan yağı dəri səthinə çıxarmaqdır. Ifraz olunan bu yağ isə dərimizi ətraf mühitin yan təsirlərindən qoruyur. Piy vəzilərinin axacaqları dəri səthində yerləşən məsamələrə açılır. Cinsi yetişkənlik dövründə (12-18yaşlarda) dəri səthinə ifraz olunan yağın miqdarı artmağa başlayır. Bu isə piy vəzilərinin kanallarının və dəri səthindəki məsamələrin tutulmasına səbəb olur. Bu zaman dəri səthində ağ və qara nöqtələr şəklində komedonlar (tıxaclar) müşahidə olunur.Yaranmış bu tıxaclar dəri səthində və piy vəzilərin kanallarındakı ölü hüceyrələrin qopub düşməsinə mane olmaqla bərabər dəri səthində mövcud olan mikroorqanizmlərin çoxalmasına səbəb olur. Bütün bu proseslərdən sonra dəri səthi yağlı, qızartılı, irinli, ağ və qara nöqtələr şəklində olan səpgilərlə örtülü  olur.


Sızanaqların (Acne Vulgaris) yaranmasının əsas səbəbləri.
• Hormonlar (Androgenlər):Sızanaqlar əsasən kişi hormonlarının daha çox sintez olunduğu dövrdə, cinsi-yetişkənlik dövründə (12-18 yaşlarda) oğlanlar və qızlarda çıxmağa başlayırlar. Bundan əlavə qızlarda menstruasiya tsikli dövründə hormonların səviyyəsi qalxdığına görə bu müddətdə də sızanaqlarda çoxalma  müşahidə olunur.
Dəri səthində yağ ifrazının artması:Kişi hormonlarının (androgenlər) stimulyasiyası nəticəsində dəri səthinə daha çox yağ ifraz olunmağa başlayır.
•Piy vəzi kanalında və tük follikulunda dəyişikliklər:Artmış yağ ifrazı dəridəki məsamələrin tıxanmasına səbəb olur. Yaranmış tıxac ölü hüceyrələrin və bakteriyaların dəri səthinə çıxmasına mane olur.
•Bakteriyalar: Dəri səthimizdə coxlu sayda mikroorqanizmlər yaşayır. Ancaq sızanaqların yaranmasında rolu olan bakteriya yalnız Propionibacterium acnes dir.
•Genetik faktor:Əgər valideynlərdə yetkinlik vaxtı sızanaq problemi olubsa bu onların uşaqlarında sızanaqların olma ehtimalını artırır.

Sızanaqlar (Acne Vulgaris) kimlərdə yaranır?
12-18 yaş qrupunda olan demək olar ki, bütün oğlan və qızlar sızanaq problemi ilə rastlaşırlar. Baş vermə tezliyi və davamlılığı baxımından bu xəstəlik oğlanlar və qızlarda fərqli olur. Belə ki, oğlanlarla müqayisədə qızlarda Acne vulqaris (sızanaq xəstəliyi) daha tez-tez baş verir: qızlarda bu xəstəlik əsasən 13-14, oğlanlarda isə 15-16 yaşlarında daha çox müşahidə olunur. Əsasən sızanaqların davam etmə müddəti 5-10 il davam edir və 20-25 yaşlarında azalır. Insanların 5-10%-də 40 və daha yuxarı yaşlarda da sızanaqlara rast gəlmək mümkündür.

Sızanaqlar müalicə oluna bilən bir xəstəlikdir...
Sızanaqların müalicəsi uzun müddətlidir və qısa müddət ərzində möcüzəvi dəyişikliklər gözləmək doğru olmazdı.Tətbiq olunan müalicə nə olursa olsun səbrlə və düzgün yerinə yetirilməlidir. Müalicənin əsas məqsədi dəri səthində yağ ifrazını, səpgilərin sayını və şiddətini azaltmaq, ləkələrin və çapıqların yaranmasının qarşısını almaqdan ibarətdir. Müalicənin effekti en tez 1 ay sonra hiss olunmağa başlayır. Ancaq ortalama 80% və daha çox sağalmanın əldə olunması üçün 2-4 ay müalicənin aparılması məqsəduyğundur. Acne vulgarisin müalicəsində xəstəliyin şiddətindən asılı olaraq müxtəlif dərman preparatları istifadə olunur.Bu zaman sistemik və yerli antibiotiklər, hormonal preparatlar  və digər dərmanlar təyin olunur. Sızanaqlardan sonra qalan ləkələr və çapıqlar üçün müxtəlif peelinglər və laserlərdən istifadə olunur.

Müalicə alan hər bir pasientin bilməli olduğu əsas məqamlar...
• Acne Vulgaris (sızanaqlar) bir dəri xəstəliyidir və dermatoloq tərəfindən müalicə olunmalıdır
• Acne Vulgarisin (sızanaqların) müalicəsi uzun müddətlidir
• Sızanaqlar  vaxtında müalicə olunmazsa səpgilərin yerində ləkə və çapıqların qalma ehtimalı çox yüksəkdir
Üz nahiyyəsində olan səpgiləri sıxmaq və ya qaşımaq gələcəkdə bunların yerində çapıqların qalma ehtimalını artırır
• Müalicə taktikası hər bir pasientə görə dəyişə bilər. Bu zaman həkim-dermatoloqunuz yaşa, cinsiyyətə, sızanaqların yayılmasına və şiddətinə görə fərqli müalicələr təyin edə bilər.
• Sızanaqların müalicəsi üçün hər hansı bir pəhriz saxlamağa ehtiyac yoxdur. Çox tərləmə və günəş şüalarından qorunma daha vacibdir.
Stress və həyacan akneni artıran əsas səbəblərdən biridir. Xüsusilə tələbələrin imtahanlara hazirlaşdığı vaxt stressli vaxtdır. Bu dövrlərdə adətən sızanaqlar artmağa meyilli olur.
• Üz dərisinə qulluq zamanı həssas davranmaq lazımdır.Yüngül, dərini soymayan yuyucu vasitələrdən istifadə etmək lazımdır. Bu zaman xüsusilə, qadınlar üz dərisindəki məsamaləri bağlamayan (oil free, noncomedogenic) kosmetik vasitələrdən istifadə etməlidirlər

Paylaşın