Saç tökülməsi Alopecia, Hair loss

Saçlar insanların şəxsiyyətini və cinsiyyətini ifadə edən vacib dəri törəmələridir. Kişi və qadın olmağından asılı olmayaraq hər bir insan  üçün saçların sağlam və parlaq görünməsi çox vacib faktorlardan biridir.
İnsanlarda saçların qalınlığı, rəngi və sıxlığı yaşadığı coğrafi əraziyə,  irqlərə, yaşa və cinsiyyətə görə dəyişir.
Insan orqanizminin dəri səthində təxminən 2 milyondan 5 milyona qədər vellus və terminal tük follikulları mövcuddur. Bunlardan 1 milyonu baş hissəsində, 100000-150000 tük follikulu isə saçlı dəridə yerləşmişdir. Saçlı dəridə olan tük follikulların sayı dəri və saçın rənginə, həmçinin irqə görə dəyişir. Yenidoğulmuş bir uşağın baş dərisinin hər kvadrat santimetrində 1100 saç olur. 25 yaşında olan insanda bu say 600, 30-50 yaşlarında 250-300 - ə qədər azalır.
İnsan bədəninin bütün hissələri tüklərlə örtülmüşdür. Yalnız ovuclar, ayaqaltı, dodaqlarda tüklər mövcud deyildir. Dəri səthində rənginə, diametrinə, qalınlığına və uzunluğuna görə bir-birindən fərqlənən tüklərə rast gəlmək mümkündür. Əsasən bədən səthində 3 növ tük mövcuddur:
- Lanugo tüklər (lanugo hair) - Hamiləliyin 3-cü ayından başlayaraq ana bətnində olan dölün dərisini lanugo adlanan incə, piqmentsiz, kiçik tüklər örtür. Çox vaxt döl doğulana qədər, bəzən isə doğuşdan bir neçə həftə sonra lanugo tüklər tökülür.
 - Vellus tüklər (vellus hair) - incə, piqmentsiz tüklərdir. Uşaqlarda, və böyüklərdə bütün bədəndə, qadınlarda isə daha çox üz nahiyyəsində mövcuddur. Hətta terminal saçların üstünlük təşkil etdiyi saçlı dəridə saçların 7-25% - i vellus saçlardır.
 - Terminal tüklər (terminal hair) - başda, qoltuqaltında, çənə, burun və dodaq nahiyyəsində, o cümlədən cinsiyyət orqanlarında piqmentli, daha qalın və uzun terminal tüklərə rast gəlmək mümkündür. Cinsi-yetişkənlik dövründə androgenlərin (kişi cinsiyyət hormonlarının) təsiri nəticəsində bədənin müəyyən yerlərində (qoltuqaltı, qasıq) olan vellus tükləri terminal tüklərlə əvəz olunur.
    Saçların 65-95% - i proteinlərdən təşkil olunmuşdur ki, bunun da əsas hissəsini keratin təşkil edir. Keratin saça dözümlülük və sərtlik verir. Bundan başqa saçların tərkib hissəsi lipidlər (1-9%), polisaxaridlər və sudan ibarətdir.

Saçların üç əsas böyümə fazası vardır:
 1. Anagen faza (böyümə mərhələsi) - təxminən 2-6 il davam edir. Bu dövrdə saçlar aktiv böyüməyə davam edirlər. Saçlı dəridə olan anagen saçlar gün ərzində təxminən 0,35 mm, ay ərzində isə 1 sm uzanır. Başda olan tüklərin 85-90% - i anagen fazada olan saçlardır. Qısa tüklərdə (qaşlar, kipriklər, qollarda və ayaqlarda olan tüklər) anagen faza daha qısa olduğuna görə (1 ay) tüklərin uzunluğuda qısa olur.
2. Katagen faza (keçid mərhələ) - təxminən 2-4 həftə davam edir. Bu dövrdə saçın uzanması dayanır. Başda olan tüklərin 1-2% - ni təşkil edir.
3. Telogen faza (dincəlmə mərhələsi) - təqribən 3-4 ay davam edir və sonda tüklərin tökülməsi ilə nəticələnir. Başda olan tüklərin 10-15% - ni təşkil edir. Gün ərzində təxminən başın tüklü hissəsindən 100-150 telogen saç tökülür. Sonra onlar yeni anagen saçlar ilə əvəz olunur.

Alopecia areata (ocaqlı dazlıq) - autoimmun bir xəstəlik olub, bədəndə, xüsusi ilə saçlı dəridə olan tüklərin və saçların tökülməsi ilə müşahidə olunur. Xəstəliyin tam səbəbi hələdə tam öyrənilməmişdir. Lakin bəzi tətdiqaqatlar nəticəsində məlum olmuşdur ki, tük follikulunun ətrafındakı T-limfositlər iltihabəleyhinə proteinlər (sitokinlər və hemokinlər) ifraz edirlər ki, bunlarda saçların zədələnməsinə səbəb olur.

Alopecia areata ən çox kimlərdə rast gəlinir?
Alopecia areata (ocaqlı dazlıq) istənilən yaşda olan qadın və kişilərdə, o cümlədən uşaqlarda da rast gəlinir. Xəstəlik adətən 50% hallarda uşaq və yeniyetmə dövründə, 80% hallarda isə 40 yaşdan aşağı kişi və qadınlarda müşahidə olunur. Xəstəliyin rast gəlmə tezliyinin pik dövrü 15-29 yaş arasıdır.

Alopecia areata (ocaqlı dazlıq) olan insanlarda yanaşı digər xəstəliklərdə rast gəlinə bilər:
- Vitiligo
- Atopik dermatit, allergik rinit, astma
- Qalxanabənzər vəzin xəstəlikləri (Thyroid disease, Hashimoto thyroiditis)
- Down sindromu
- Psixiatrik xəstəliklər (depressiya, şizofreniya)
- Şəkərli diabet
Xəstəliyin əsas səbəbləri və baş vermə mexanizması hələdə tam öyrənilməmişdir. Ancaq bir çox tədqiqatlar alopecia areatanın (ocaqlı dazlıq) ən çox stressdən sonra (əksər hallarda xəstəlik başlamadan 3-6 ay öncə xəstələrdə stress və ya emosional gərginliyin olduğu müşahidə olunur), hormonal dəyişikliklərdən, travmadan, virus infeksiyalarından sonra yarandığını göstərir. 10-20% hallarda genetik olaraq meydana çıxa bilər (digər ailə üzvlərində də yarana bilər).

Alopecia areata (ocaqlı dazlıq) ən çox hansı nahiyyələrdə rast gəlinir?
Alopecia areata (ocaqlı dazlıq) bədənin tük çıxan istənilən nahiyyəsində yarana bilər.
 - ən çox (66,8 - 95%) baş nahiyyəsində (saçlı dəridə) tük tökülmüş nahiyyələrə rast gəlmək mümkündür
 -  kişilərdə, xüsusilə saqqal nahiyyəsində (28%)
- qaşlarda (3,8%)
- qollarda və ayaqlarda (1,3%)
Alopecia areata (ocaqlı dazlıq) olan insanların 80% - də yalnız bir tük tökülmüş sahə, 2,5% - də iki tük tökülmüş sahə, 7,7% - də iki və daha çox tük tökülmüş sahələri görmək mümkündür. 

Alopecia areata - nın (ocaqlı dazlıq) hansı növləri vardır?
Alopecia areata patchy or reticular - müxtəlif ölçüdə, oval formada birləşməyə meyilli tük tökülmüş sahələr müşahidə olunur.
-Ophiasis - tüklər saçların başlandığı cizgidən tökülür, yanlara və arxa tərəfə doğru yayılır
-Alopecia totalis - baş nahiyyəsində olan tüklərin (saçlar, qaşlar, kipriklər) tamamilə tökülməsi
-Alopecia universalis - bütün bədəndəki tüklərin tökülməsi
Əsasən tük tökülmüş nahiyyələr təsadüfən xəstənin özü və ya kənar insanlar tərəfindən aşkarlanır. Bəzi hallarda pasientlər tüklərin töküldüyü nahiyyələrdə yanma, batma hissiyatından şikayətlənirlər (trichodynia). Tökülmə yerləri oval və ya dairəvi formalarda olub, dəri rəngində, bəzən isə zəif çəhrayı ola bilər. Pull test - in pozitiv olması (tük tökülmüş yerlərin kənarından saçlar birinci və ikinci barmaq arasında tutularaq zəif güclə dartılır. Bu zaman iki və daha çox tükün çıxması testin pozitiv olduğunu göstərir) xəstəliyin aktiv formada olduğunu göstərən əsas əlamətlərindən biridir. Bir çox hallarda (10-50%) xəstələrdə dırnaqlarda da dəyişikliklər yaranır (dırnaq səthində cizgilər və kiçik dəliklər, dırnaq səthinin nahamar olması).
Alopecia areata - nın (ocaqlı dazlıq) diaqnozu kliniki və dermatoskopla müayinə nəticəsində asanlıqla qoyula bilər. Bəzi hallarda ehtiyac olarsa dəri biopsiyası tətbiq oluna bilər.
Xəstəliyin daha gənc yaşlarda başlaması, yanaşı olaraq digər xəstəliklərin olması (xüsusilə atopik dermatit, vitiligo), dırnaqlarda dəyişikliklərin yaranması pis proqnoz əlamətlərindəndir. Yəni bu hallarda müalicənin effektinin az olması və ya saç tökülmələrinin tez-tez təkrar olunması rast gəlinir.
    Təssüflər olsun ki, alopecia areata - nın indiyə qədər effektiv bir müalicəsi yoxdur. Burada əsas məqsəd tüklərin tökülməsinin qarşısını almaq və tük tökülmüş nahiyyələrdə yenidən tüklərin çıxmasının bərpa olunmasıdır. Bununlada belə insanların cəmiyyətdən kənarda qalmasının qarşısını alınır, onların sosial-ictimai fəaliyyətlərini davam etdirməsinə kömək olunur.
Alopecia areata - nın müalicəsi xəstəliyin başlama müddətindən, lokalizasiyasından, yayılma dərəcəsindən asılı olaraq dəyişir. Bəzi hallarda lokal formalarda (bir və ya iki ədəd tük tökülmüş nahiyyələrdə) tüklər müalicəsiz tam bərpa oluna bilər:
Lokal formalarda (patchy alopecia areata) - tük tökülmüş nahiyyələrə yerli kortikosteroid tərkibli iynələr  vurulur.

Alopecia totalis və Alopecia Universalis - də sistemik kortikosteroidlər, yerli immunoterapiya (diphenylcyclopropenone), fototerapiya və s. dərman preparatalarından istifadə olunur.
Alopecia areata (ocaqlı dazlıq) olan insanlarda proqnoz necədir?
Adətən bir və ya iki ədəd tük tökülmüş nahiyələri olan insanlarda 1 il ərzində müalicə olunmadan saçların təkrar çıxması müşahidə oluna bilər. Sonradan təxminən 10% hallarda pasientlərdə alopecia totalis, 1% hallarda isə alopecia univeralis inkişaf edə bilər.

 

Paylaşın