Ağ dəmrov (Pityriasis alba)

Ağ dəmrov (Pityriasis alba) - əsasən uşaqlarda və yeniyetmələrdə dəri səthində ağ rəngli və kəpəklənən ləkələrin yaranması ilə müşahidə olunur. Pityriasis - dəri kəpəyi, alba - isə ağ mənasını bildirir. Çox hallarda valideynlər uşaqların üz dərisində bu cür ləkələri müşahidə etdikdə vitiliqo xəstəliyindən şübhələnirlər. Ancaq ağ dəmrovun (pityriasis alba) vitiliqo xəstəliyi ilə heç bir əlaqəsi yoxdur.
Ən çox 3-16 yaş arasında olan uşaq və yeniyetmələrdə, bəzi hallarda yetkin insanlarda da yarana bilər. Tünd və günəş şüalarının təsiri nəticəsində qaralmış dərilərdə bu tip ağ ləkələr daha aydın nəzərə çarpır. Adətən yaz və yay mövsümündən sonra bu cür ağ ləkələr valideynlər tərəfindən uşaqların üz nahiyyəsində aşkarlanır.

Ağ dəmrov (Pityriasis alba) necə müalicə olunur? 
Ağ dəmrovun (Pityriasis alba) səbəbi bilinmir və yolxucu xəstəlik deyildir. Əsasən quru dərisi olan və yanaşı atopik dermatiti olan uşaqlarda çox təsadüf olunur. Bu zaman dəri səthində 0,5 - 5 sm diametrində, oval və ya dairəvi, üzəri kəpəklənən, ağ rəngli ləkələr müşahidə olunur. Bu cür ləkələrə ən çox üz nahiyyəsində, qollarda, ayaqlarda, bəzən isə bədən nahiyyəsində də rast gəlmək mümkündür. Çox nadir hallarda qaşınma da müşahidə oluna bilər.
Adətən ağ dəmrov ləkələrini (Pityriasis alba) müalicə etməyə ehtiyac olmur. Bir neçə ay ərzində ağ ləkələr normal dəri rənginə qayıdırlar. Çox hallarda dəri səthində olan quruluğu və kəpəklənməni azaltmaq üçün müxtəlif nəmləndirici krem və losyonlar tövsiyyə olunur. Bəzən qaşıntını azaltmaq üçün kortikosteroid tərkibli kremlər də tətbiq oluna bilər.

Paylaşın