Melazma (Melasma)

Melazma (Melasma) nədir?
Melazma əsasən üz nahiyyəsində açıq və tünd qonur (qəhvəyi) rəngli  ləkələrlə müşahidə olunan xroniki bir dəri xəstəliyidir. Bəzən bu xəstəliyə xloazma da deyilir ki, yaşıl dəri mənasını bildirir. Ancaq melazma (qonur dəri) termini daha çox istifadə olunur. Bəzən bu xəstəlik hamiləlik maskası  (mask of pregnancy) da adlandırılır ki, bunun da əsas səbəbi melazmanın  çox hallarda hamiləlik və ondan sonrakı dövrlərdə yaranmasıdır. Melazma ən çox qadınlarda rast gəlinir. Çox nadir hallarda kişilərdə də yarana bilər. 
Melazma əsasən üz nahiyyəsində, xüsusilə yanaqlar, alın nahiyyəsi, üst dodaq və burunda müşahidə edilir.  Xəstəlik əsasən 20-40 yaşlarında olan qadınlarda üz nahiyyəsində tünd qəhvəyi ləkələrin yaranması ilə başlayır. Mövsümdən asılı olaraq yaz və yay aylarında bu ləkələr daha da tündləşir, payız və qış aylarında isə ləkələrin rəngi nisbətən solur. Melazma ən çox tünd dərisi olan insanlarda (3cü və 4cü dəri tipi - Fitzpatrick skin types 3 and 4) yaranır.

Melazmanın (Melasma) yaranma səbəbləri hansılardır?
Melazmanın əsas yaranma səbəbi dəridəki piqment ifraz edən hüceyrələrin (melanocytes) çox miqdarda piqment, yəni melanin ifraz etməsidir. Melanin piqmentinin bir hissəsi epidermisdə olan hüceyrələrdə toplanır və bu zaman melazmaın səthi forması (epidermal melanosis) yaranır. İfraz olunan melanin piqmetinin dərinin daha dərin qatlarında (dermis) toplanması nəticəsində isə melazmanın daha dərin forması (dermal melanosis) yaranır. Aşağıdakı faktorların melazmanın yaranmasında böyük rolu vardır:
- Genetik faktor - üz dərisində melazması olan insanların təxminən 1/3 də digər ailə üzvlərində də bu problemə rast gəlmək mümkündür
- Günəş şüaları - ən böyük risk faktorlarından biridir. Günəş şüalarının uzun müddətli təsiri nəticəsində dəridə piqment ləkələri formalaşmağa başlayır
-  Hamiləlik - adətən doğuşdan bir neçə aylar sonra melazma daha da artmağa başlayır
- Dərman preparatları - tərkibində estrogen və progesteron olan oral kontraseptiv dərman preparatları istifadə edən qadınlarda melazmanın yaranma ehtimalı daha yüksəkdir
- Qalxanabənzər vəzinin xəstəliklərindən  (Hypothyroidism) müalicə alan insanlarda melazmanın yaranma ehtimalı çoxdur

Melazma ləkələrinin daha da tündləşməsinin qarşısını necə almaq olar?
Melazma çox çətinliklə müalicə olunan dəri problemlərindən biridir. Dəri rəngindən, ləkənin yaranma müddətindən, coğrafi ərazi və ilin müddətindən asılı olaraq müxtəlif müalicə metodları tətbiq olunur. Adətən yaz və yay mövsümlərində, yəni günəş şüalarının aktiv olduğu dövrlərdə melazmanın müalicəsi tovsiyyə olunmur. 
Melazmanın daha da artmasının qarşısını alamaq üçün aşağıdakılara diqqət etmək daha vacibdir:
- Günəşqoruyucu kremlərdən istifadə etmək. Genişspektrli kremlərə (SPF 50+) üstünlük verin. Bu kremləri günəşə çıxmadan 20-30 dəqiqə əvvəl  dəri səthinə sürtmək və yay mövsümündə hər 2-3 saatdan bir yeniləmək lazımdır. Tərkibində sink oksid və titanium dioksid olan (zinc oxide, titanium dioxide) günəşqoruyucu kremləri seçin. 
- Əgər hormonal dərman preparatları (oral kontraseptivlər) qəbul edirsinizsə onları dayandırmaq məsləhətdir. Bu dərman preparatlarının qəbul olunması ləkələrin daha artamsına təkan ola bilər.
- Üz dərisini qıcıqlandırmayan nəmləndirici kremlərdən və yuyucu vasitələrdən istifadə edin. Cünki dərinin daha da quruması və qıcıqlanması melazma ləkələrinin tündləşməsinə yol aça bilər.
Melazmanın müalicəsində bir çox kremlər (hydroquinone, azelaic acid, tretinoin, vitamin C tərkibli kremlər) istifadə olunur. Bir çox hallarda bu kremlərlə yanaşı müxtəlif lazer proseduraları (fractional laser, Q-switch NdYAG laser, IPL ), mikrodermabraziya və kimyəvi pilinqlərdə tətbiq oluna bilər.  
İstənilən lazer və kosmetoloji proseduralar üçün mütləq dermatoloqlara müraciət edin. Çünki düzgün olunmayan bu cür kosmetoloji proseduralardan sonra üzdəki melazma ləkələri daha da tündləşə bilər.

Paylaşın