Alopecia areata (ocaqlı dazlıq)

Alopecia areata (ocaqlı dazlıq) - autoimmun bir xəstəlik olub, bədəndə, xüsusi ilə saçlı dəridə olan tüklərin və saçların tökülməsi ilə müşahidə olunur. Xəstəliyin tam səbəbi hələdə tam öyrənilməmişdir. Lakin bəzi tətdiqaqatlar nəticəsində məlum olmuşdur ki, tük follikulunun ətrafındakı T-limfositlər iltihabəleyhinə proteinlər (sitokinlər və hemokinlər) ifraz edirlər ki, bunlarda saçların zədələnməsinə səbəb olur.

Alopecia areata ən çox kimlərdə rast gəlinir?
Alopecia areata (ocaqlı dazlıq) istənilən yaşda olan qadın və kişilərdə, o cümlədən uşaqlarda da rast gəlinir. Xəstəlik adətən 50% hallarda uşaq və yeniyetmə dövründə, 80% hallarda isə 40 yaşdan aşağı kişi və qadınlarda müşahidə olunur. Xəstəliyin rast gəlmə tezliyinin pik dövrü 15-29 yaş arasıdır.
Alopecia areata (ocaqlı dazlıq) olan insanlarda yanaşı digər xəstəliklərdə rast gəlinə bilər:
- Vitiligo
- Atopik dermatit, allergik rinit, astma
- Qalxanabənzər vəzin xəstəlikləri (Thyroid disease, Hashimoto thyroiditis)
- Down sindromu
- Psixiatrik xəstəliklər (depressiya, şizofreniya)
- Şəkərli diabet

Alopecia areata  (ocaqlı dazlıq)  ən çox nədən sonra yarana bilər?
Xəstəliyin əsas səbəbləri və baş vermə mexanizması hələdə tam öyrənilməmişdir. Ancaq bir çox tədqiqatlar alopecia areatanın (ocaqlı dazlıq) ən çox stressdən sonra (əksər hallarda xəstəlik başlamadan 3-6 ay öncə xəstələrdə stress və ya emosional gərginliyin olduğu müşahidə olunur), hormonal dəyişikliklərdən, travmadan, virus infeksiyalarından sonra yarandığını göstərir. 10-20% hallarda genetik olaraq meydana çıxa bilər (digər ailə üzvlərində də yarana bilər).

Alopecia areata (ocaqlı dazlıq) ən çox hansı nahiyyələrdə rast gəlinir?
Alopecia areata (ocaqlı dazlıq) bədənin tük çıxan istənilən nahiyyəsində yarana bilər. 
 - ən çox (66,8 - 95%) baş nahiyyəsində (saçlı dəridə) tük tökülmüş nahiyyələrə rast gəlmək mümkündür 
 -  kişilərdə, xüsusilə saqqal nahiyyəsində (28%)
 - qaşlarda (3,8%)
 - qollarda və ayaqlarda (1,3%)
Alopecia areata (ocaqlı dazlıq) olan insanların 80% - də yalnız bir tük tökülmüş sahə, 2,5% - də iki tük tökülmüş sahə, 7,7% - də iki və daha çox tük tökülmüş sahələri görmək mümkündür. 

Alopecia areata - nın (ocaqlı dazlıq) hansı növləri vardır?
Alopecia areata patchy or reticular - müxtəlif ölçüdə, oval formada birləşməyə meyilli tük tökülmüş sahələr müşahidə olunur.
-Ophiasis - tüklər saçların başlandığı cizgidən tökülür, yanlara və arxa tərəfə doğru yayılır
-Alopecia totalis - baş nahiyyəsində olan tüklərin (saçlar, qaşlar, kipriklər) tamamilə tökülməsi
-Alopecia universalis - bütün bədəndəki tüklərin tökülməsi

Alopecia areata - nın (ocaqlı dazlıq) əlamətləri hansılardır?
Əsasən tük tökülmüş nahiyyələr təsadüfən xəstənin özü və ya kənar insanlar tərəfindən aşkarlanır. Bəzi hallarda pasientlər tüklərin töküldüyü nahiyyələrdə yanma, batma hissiyatından şikayətlənirlər (trichodynia). Tökülmə yerləri oval və ya dairəvi formalarda olub, dəri rəngində, bəzən isə zəif çəhrayı ola bilər. Pull test - in pozitiv olması (tük tökülmüş yerlərin kənarından saçlar birinci və ikinci barmaq arasında tutularaq zəif güclə dartılır. Bu zaman iki və daha çox tükün çıxması testin pozitiv olduğunu göstərir) xəstəliyin aktiv formada olduğunu göstərən əsas əlamətlərindən biridir. Bir çox hallarda (10-50%) xəstələrdə dırnaqlarda da dəyişikliklər yaranır (dırnaq səthində cizgilər və kiçik dəliklər, dırnaq səthinin nahamar olması).
Alopecia areata - nın (ocaqlı dazlıq) diaqnozu kliniki və dermatoskopla müayinə nəticəsində asanlıqla qoyula bilər. Bəzi hallarda ehtiyac olarsa dəri biopsiyası tətbiq oluna bilər.
Xəstəliyin daha gənc yaşlarda başlaması, yanaşı olaraq digər xəstəliklərin olması (xüsusilə atopik dermatit, vitiligo), dırnaqlarda dəyişikliklərin yaranması pis proqnoz əlamətlərindəndir. Yəni bu hallarda müalicənin effektinin az olması və ya saç tökülmələrinin tez-tez təkrar olunması rast gəlinir.

Alopecia areata (ocaqlı dazlıq) necə müalicə olunur?
Təssüflər olsun ki, alopecia areata - nın indiyə qədər effektiv bir müalicəsi yoxdur. Burada əsas məqsəd tüklərin tökülməsinin qarşısını almaq və tük tökülmüş nahiyyələrdə yenidən tüklərin çıxmasının bərpa olunmasıdır. Bununlada belə insanların cəmiyyətdən kənarda qalmasının qarşısını alınır, onların sosial-ictimai fəaliyyətlərini davam etdirməsinə kömək olunur.
Alopecia areata - nın müalicəsi xəstəliyin başlama müddətindən, lokalizasiyasından, yayılma dərəcəsindən asılı olaraq dəyişir. Bəzi hallarda lokal formalarda (bir və ya iki ədəd tük tökülmüş nahiyyələrdə) tüklər müalicəsiz tam bərpa oluna bilər:
Lokal formalarda (patchy alopecia areata) - tük tökülmüş nahiyyələrə yerli kortikosteroid tərkibli iynələr  vurulur. Alopecia totalis və Alopecia Universalis - də sistemik kortikosteroidlər, yerli immunoterapiya (diphenylcyclopropenone), fototerapiya və s. dərman preparatalarından istifadə olunur.

Alopecia areata (ocaqlı dazlıq) olan insanlarda proqnoz necədir?
Adətən bir və ya iki ədəd tük tökülmüş nahiyələri olan insanlarda 1 il ərzində müalicə olunmadan saçların təkrar çıxması müşahidə oluna bilər. Sonradan təxminən 10% hallarda pasientlərdə alopecia totalis, 1% hallarda isə alopecia univeralis inkişaf edə bilər.

 

Paylaşın