Hiperhidroz

Tərləmə bədənin isti və soyuq balansını qoruyur və bununla da orqanizmin termorequlyasiya mexanizması tənzimlənir. Tər vasitəsi ilə bədəndən zərərli maddələr və duzlar xaric olunur. Bizim dəri səthimizdə iki cür tər vəziləri mövcuddur: ekrin və apokrin tər vəziləri. Ekrin tər vəzilərinə dəri səthinin  bütün nahiyyələrində rast gəlmək mümkündür. Xüsusilə ovuc və ayaqaltında, qoltuqaltında, alın nahiyyəsində sıx yerləşmişdir. (əl içi və ayaqaltında bir kvadrat santimetr sahədə təxminən 700 ekrin tər vəzisi vardır) Ekrin tər vəzilərinin əsas funksiyası orqanizmin isti və soyuq balansını tənzimləməkdir. Apokrin tər vəziləri daha çox qoltuqaltı, sinə, ənsə nahiyyələrində yayılmışdır. Apokrin  vəzilərinin ifraz etdiyi tər dəri səthində olan bakteriyaların təsiri nəticəsində qoxulu hala gəlir.
Normada insan bədəninin 1 kavadrat santimetr dəri səthində 1 dəqiqə ərzində 1 ml tər ifraz olunur. Bəzi hallarda bu göstərici 30-40 dəfə arta bilər.
İnsan orqanizminin normadan artıq tərləməsinə hiperhidroz deyilir. Əsasən qoltuqlatında, əl içi  və ayaqaltında  normadan artıq tərləməyə (hiperhidroz) rast gəlmək mümkündür.
İki cür hiperhidroz vardır: Birincili və ikincili hiperhidroz.
Birincili hiperhidroz (Primary hyperhidrosis) - da hipotalamusun termorequlyasiya mərkəzi aktivləşir. Bu isə simpatik sinir sistemi vasitəsi ilə ekrin tər vəzilərinin normadan artıq miqdarda tər ifraz etməsinə gətirib çıxarır.

Birincili hiperhidrozun (tərləmənin) artmasına səbəb olan faktorlar aşağıdakılardır:
-İsti hava .
-İdman.
-Bədən hərarətinin (temperaturasının) artması.
-Həyacan (qorxu).
-Ədviyyatlı qidalar.
Birincili hiperhidroz əsasən kiçik yaşlarda və cinsi-yetişkənlik dövründə meydana çıxır. Bütün həyat boyu davam edə bilər. Bəzi hallarda yaş artdıqca azalır. Adətən ailənin digər üzvlərində də müşahidə olunur. Tərləmə ən çox simmetrik olaraq qoltuqaltında, ovuclarda (əl içi), ayaqalatında olur. Gecələr və ya yuxu zamanı azalmağa meyilli olur.

İkincili hiperhidroz (Secondary hyperhidrosis) - əsasən orqanizmdə olan yanaşı xəstəliklərin fonunda yaranır :
-Piylənmə (Obesity)
-Şəkərli diabet (Diabetes)
-Klimakterik dövr (Menopause)
-Hipertiroidizm (Overactive thyroid)
-Parkinson xəstəliyi
-Ürək-damar sistemi xəstəlikləri
-Tənəffüs sistemi xəstəlikləri
-Onurğa beyinin travması
-Endokrin sistemin şişləri (Phaeochromocytoma)
-Hodgin xəstəliyi (Hodgkin diseases)
-Bəzi dərman preparatları (antidepressantlar, kortikosteroidlər və s.)
İkincili hiperhidroz birincidən daha az rast gəlinir. Birtərəfli, simmetrik, bəzi hallarda bütün bədəndə müşahidə olunur. Endokrin və nevroloji xəstəlikər fonunda daha çox müşahidə olunur. Gecələr və yuxu zamanıda tərləmədə artım olur.
Qoltuqaltı hiperhidrozda tərlə ifraz olunan maddələrin təsiri nəticəsində yaranan pis qoxu və paltarlarda ləkələrin yaranması insanlarda narahatçılığa səbəb olur. Bu isə onların sosial həyat tərzinə mənfi təsir göstərir.

Hiperhidrozun müalicəsində aşağıdakı metodlardan istifadə olunur:
1. Tərkibində 10-25% - li alyuminium xlorid olan antiperspirantların istifadə olunması. Axşamlar qoltuqaltı nahiyyə tam yuyulub və qurudulduqdan sonra antiprespirant vurulur və səhər yenidən yuyulub təmizlənir. Tərləmə azaldıqdan sonra bunu həftədə 1-2 dəfə  olmaq şərti ilə uzun müddət etmək olar.
2. İontoforez (İontophoresis)
3. Sistemik dərman preparatları - bəzi hallarda tərləməni azalda bilər ancaq yan təsirlərinə görə çox istifadə olunmur. (Antixolinergik dərmanlar, beta blokatorlar, kalsium kanal blokatorları, qeyri-steroid iltihabəleyhinə prepartlar və s.)
4. BOTOX (intradermal botulinum toksin inyeksiyası)
5. Qoltuqaltı tər vəzilərinin cərrahi yolla çıxarılması və ya onların aktivliyinin azaldılması. Bu zaman müxtəlif metodlardan istifadə olunur.
    - Liposaksiya (Liposuction)
   - microwave thermolysis - MiaDry system - 2011-ci ildə FDA tərəfindən qoltuqaltı hiperhidrozun müalicəsi üçün təsdiqlənmişdir,
   - subdermal Nd:YAG laser
  - Cərrahi üsul - bu zaman qoltuqaltındakı dəri tər vəziləri ilə birlikdə rezeksiya olunur. Sonra həmin nahiyyəyə bədənin digər yerindən dəri köçürülür.
6. Sympathectomy (endoscopic thoracic sympathectomy) - onurğa beynindən çıxan simpatik sinirlərin fəaliyyətinin kimyəvi və ya cərrahi yolla dayandırılması. Amma bu metodun bir sıra yan təsirləri vardır:
     - 15% hallarda bəzi insanlarda tərləmə yenidən baş verir
     - Əksər hallarda qoltuqaltında quruluq və istilik hissiyatı yaranır
    - 50-90% hallarda bədənin digər yerlərində tərləmədə artım müşahidə olunur.
    - Çox nadir hallarda pnevmoniya, pnevmotoraks, Horner sindromu, uzun müddət davam edən ağrı kimi ciddi ağırlaşmalar müşahidə oluna bilər.

BOTOX - qoltuqaltı tərləmənin müalicəsində  ən effektiv metoddur
Botulinumtoksin (Botox) tər vəzilərini innervasiya edən simpatik sinir uclarındakı asetilxolini blokada etməklə təsir göstərir. Bununlada tər vəzilərinin innervasiyası müvəqqəti olaraq dayanır. Bu isə tər vəzilərinin daha az tər ifraz etməsi ilə nəticələnir. Proseduranı başlamadan öncə tərləyən nahiyyələrə yod-nişasta testi tətbiq olunur. Bu zaman həmin yerlərə əvvəlcə pambıq çubuq vasitəsi ilə yod çəkilir. Yod quruduqdan sonra onun üzərinə nişasta  tozu səpilir. Bir neçə dəqiqə keçdikdən sonra ən çox tərləyən nahiyyələr qaralmağa başlayır. Bununlada daha çox tərləyən yerlər aydın olur.

BOTOX - qoltuqaltı, əl və ayaq tərləmələrində ən çox istifadə olunan müalicə üsuludur.
Qadınlarda və kişilərdə hər qoltuqaltına 45-50 vahid botulinumtoksin (Botox) vurulur. Bu zaman hər bir nahiyyəyə (qoltuqaltına) 20-25 inyeksiya olmaq şərti ilə 1,5-2 sm məsafələrlə 2,5 vahid botulinumtoksin intradermal yeridilir. Prosedura təxminən 30 dəqiqə davam edir. İnyeksiyadan sonra həmin nahiyyədə bir neçə gün yüngül şişkinlik və qızartı ola bilər. Bu şikayətlərin az olması üçün  proseduradan dərhal sonra həmin bölgələrə buz qoyulur. Proseduradan 5-7 gün sonra tərləmədə azalma başlayır və  bu 2 həftədən sonra artıq tam hiss olunur. Nəticə 6-8 aya qədər davam edə bilər.

Paylaşın